"Məqsədimiz kəndin torpaqlarını ələ keçirmək idi” — Arif Alışanovun məhkəmə işi

  • 30-05-2018, 09:34
  • sosial
  • Oxunub: 122
"Məqsədimiz kəndin torpaqlarını ələ keçirmək idi” — Arif Alışanovun məhkəmə işi














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Ölkə.Az”ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qeyd edilib ki, ötən iclasda təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz edib.

Məhkəmə etirazı baxılmamış saxlayıb.

Bundan başqa, təqsirləndirilən Ş.Əkbərovun başqa vəsatət də qaldırdığı bildirilib. O, vəsatətində zərərçəkmiş qismində tanınan Arif Alışanovun məhkəmə baxışına gətirilməsini və "AzTV" sədri gətirilənə qədər məhkəmə baxışının təxirə salınmasını istəyib.

Hakim bildirib ki, A.Alışanovun məhkəməyə dəvət edilməsi ilə bağlı ona məlumt verilib: "Arif Alışanova yenidən bildiriş göndəriləcək".

Daha sonra şahid qismində Şamaxı rayonunda icra nümyəndəsi vəzifəsində çalışan Abı Həsənov dindirilib. O söyləyib ki, oğlu Bəhruz Həsənovun adına olan torpaq sahəsini Ş.Əkbərova satıb: "Oğlumun 2 hektar 30 sot torpağı var idi. Hektarını 50 min manata Şücayətə satdım".
O qeyd edib ki, Ş.Əkbərov onu işdən çıxartdırmaq istəyib.

Ş.Əkbərov da şahidin dediklərini təsdiqləyib:

"Biz və Arif Alışanov da Sədaqəti bələdiyyə sədri qoymaq üçün 100 min manat pul vermişik. Həmçinin digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Məqsəd kəndi ələ keçirmək olub".
Şahid qismində Səlim Sadıqov da ifadə verib. O bildirib ki, təqsirləndirilən Ş.Əkbərovun keçmiş qaynıdır:
"Şücayətin odlu silah gəzdirməsindən, onun Arif Alışanova sui-qəsd etməsindən xəbərsizəm. Şücayətlə yaxın münasibətim olmayıb. O, həmişə vəzifədə işləyib".

Digər şahid Nəriman Cabbarov ifadəsində söyləyib ki, 30 hektar torpağı 120 min manata Hacı Babayevə satıb: "Hacı Şücayətlə bir yerdə gəlmişdi. Onu bir dəfə görmüşəm".

Məhkəmənin növbəti iclası iyunun 1-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Maraqlı
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət