Əhəd Həsənov: '20 YANVAR' faciəsi - Azərbaycan xalqının qan yaddaşı

Əhəd Həsənov: '20 YANVAR' faciəsi - Azərbaycan xalqının qan yaddaşı





Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il "20 Yanvar" da onların əziz xatirəsini dərin ehtiramla yad edir. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi.

Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri Respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. "20 Yanvar" faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Sonrakı günlər də daxil olmaqla 134 nəfər həlak olmuş, 700-dən çox insan yaralanmışdı.

Bakı şəhərinə "20 Yanvar" tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi.

Elə həmin gün ərzində 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi. Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir.
Oxşar xəbərlər
Maraqlı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət